Xoşbəxtlik haqqında şeir

Səkkiz yaşım olanda
səni küləklər gətirəcək sanırdım
küləklər toz-torpaq gətirdi
adamın gözünü kor edən toz-torpaq...
küləklər ara vermədən
hər gün
hər gün
hər gün qaranlığı gətirdi
qaranlıq darıxdırıcı bir kədəri...
ağacları kəsdik ki,
küləklər dayansın
küləklər dayanmadı
səni bu dağların arxasında
başqa kəndlər
o kəndlərdə qarımış arvadlar,
qocalmış gəlinlər vardı
on beş yaşında ərə verilmiş və bir neçə ilə
on bir uşaq doğan qızlar...
mən elə bilirdim
o kəndlərin arxasında
böyük şəhərlər var
sən ordasan,
sonra bildim "ərbabı yalnızları udan şəhərlər"
uzaqdaymış...
sən heç orda da yox idin...
səni qarnını qaşıyan kişi kimi uzanmış o ağacdan yoxsun
dağın döşündə tək qalmış
daxmadasan sandım..
o ev arvadını atıb
yad adamların vətəninə getmiş
bığları siqaretdən saralmış
Ramiz kişinin eviymiş...
o evdə ramiz kişinin qırx yaşlı arvadı 6 uşağı ilə
5 qoyunu ilə tək idi...
uşaqlarının yarısı atalarını xatırlamırdılar
bu kənddə uşaqların çoxsu
ataların xatırlamırdılar..
amma ataları qayıdanda
onlara maşın alacaqdı
gəlincik alacaqdı...
səni kəndimizin məscidindəsən sanırdım
bir gün uşaqlara qoşulub
getdim ora
adamlar əllərində zəncir
özlərini döyürdülər
qışqırırdılar
qara bağlıyırdılar qollarına
3 gün sonra tək getdim ora
heç kim yox idi...
pəncərəsindən boylandım
anladım ki, bu mescid allahın
unutdugu evidir..
içərini hörümçəklərə buraxmışdılar...
səni ağ-qara
televizorumuzun icindısən sanırdım
müharibədən bəhs edən
filmlər vardı
mən bilirdim ki
bu küləkli
tozlu-torpaqli yalnız kənddə
heç vaxt müharibə olmayacaq...
heç vaxt bombardman etməyəcəklər bu kəndi
bu yalnızlığı pozmayacaqlar...
mən bilirdim i
sən o bombaların arxasında da
olmayacaqsan...
adamlar sənin uğrunda müharibələr edirdilər...
səni axtarırdılar
amma mən elə sanırdım
sən çox da uzaqda deyilsən
yxındasan bəlkə də
məsələn buludların üstündə
bir azdan yağış kimi
yağacaqsan
damımızın üstündə çıxıb səni
qucaqlıyacam..
əllərimi açacam göylərə...
əllərimi açacam göylərə...
əllərimi açacam sənə...

Bu gün mənim doğum günüm...


Esse

(Özüm üçün )

*
Bu gün mənim doğum günümdür. İyirmi yaşım olur. İyirmi yaşıma necə gəlib çatdığımı bilmirəm. Yaddaşım çox zəifdir son zamanlar. Keçmişi çox tez və rahatlıqla unuduram. Məktəbdə oxuduğum vaxtlarım belə yadımdan çıxmış. İndi üçüncü kursda oxuyuram. Birinci, ikinci kursdakı vaxtlarımı da unutmuşam. Amma deyəsən on altı yaşım olan günü bir şeir yazmışdım ya da nəsə essevari bir şey qaralamışdım. Nəsə alatoran xatirələr var uşaqlığımdan...

Deyirlər insan doğum günündə çox kədərli olur. Özü də çox vaxt bu kədərin səbəbini belə bilmir. Xatırlayın doğum günlərinizi. Görəcəksiniz nə qədər haqlıyam...

İnsanlar çox zaman daxilən kədərli olanda üzdə özünü daha şən göstərməyə çalışırlar. Ətrafımızdakı şən insanlar daxilən ən kədərliləri deyilmi? Klounlar dünyanın ən kədərli məxluqları deyilmi?..

Kloun rolunu oynayan aktyorun qriminin və rəngli geyiminin arxasında nə qədər dərd yatır... Bəlkə də, bizə tamamilə dərdsiz və şən görsənən bu insanın səhnə arxasında faciəvi həyatı var, xəbərimiz yox.

İnsan bəzən kədərinin səbəbini heç düzəmməli başa düşə də bilmir.

Amma mən bilirəm bu gün niyə kədərli oluram. Çünki bir yaşıma daha bu ölkədə basmağımın peşmanlığı var içimdə. Pessimizm çamurunda çabalamaq kimi bir şey...

*

Həyat düşünənlər üçün komediya ola bilməz. Həyat düşünənlər üçün faciə olmaqdan başqa bir işə yaramaz.

Həyat kədərdir. Biz ona qalib gəlsək də kədərdir. Məğlub olsaq da kədərdir.
Həyatın məğlubiyyəti bəzən bizim balaca uşaqlarla oynadığımız oyunda yalandan məğlub olub onları sevindirməyimizə bənzəyir.

*
... Tanrıdansa bircə istəyim olub həmişə, məndə inam yaratsın özünə. Və özümə.
*

Orta ömür müddətini 70 il hesab etsək onda mən ömrümün 20 ilini yaşamamışam ki. Hmmm...
İnsan niyə yarandığı, nə etməli olduğunu heç əməlli-başlı anlamadan ölür gedir.

Amma insan bir az ağıl yiyəsi olandan sonra, beynində müqayisə etmək qabiliyyəti yarananda yaşamadığı qənaətinə gəlir. Mən Azərbaycandan danışıram. Azərbaycanlıdan danışıram. Bəlkə də “azərbaycanlı”dan...

Köhnə dəyərlər içində yeni insanlar əzab çəkməlidir! Yeni dəyərlər köhnə insanları yeniləşdirə bilər, amma köhnə dəyər yeni insanı köhnələşdirməməlidir. Köhnələşdirməməlidir və üç nida. Yekə əlləri ilə onu geriyə - bataqlığa atmamalıdır. Haqqı yoxdur. Amma gücü var. Güclü həmişəmi haqlıdır?...

Bu məmmələkət köhnəlmiş dəyərləri ilə, bayağı mühafizəkarlığı ilə iyirmi yaşında bir gəncini depressiya içində yaşamağa məcbur edir. Və bundan həzz alırmış kimi bir ədası da var...

Bu məmləkət insanın özgürlük haqqını tanımır. Özüm qəsdən “azadlıq” yazmıram. Çünki azərbaycan dilindəki azadlıq kəlməsi daha azadlıq kimi səslənmir. Azadlıq deyəndə insan azadlığından bəhs edilmir. Bilmirəm, bu nəyin azadlığıdır. Bu sözün də artıq “freedoom”a, “özgürük, “svoboda”ya, “liberte”yə dəxli yoxdur. Azadlıq insanın özünütəsdiq imkanıdırsa, bu ölkədə azadlıqdan danışmağı dünyanın ən avara məşğuliyyəti ilə müqayisə etsəm az olar hələ.

Bizim ölkədə azadlıq özünüinkar imkanıdır...

*

“Bilmirəm” demək bəzən problemlərdən can qurtarmağın ən gözəl yoludur. Çox vaxt bilməmək daha çox xoşbəxtlik gətirir, nəinki bilmək. Onda alın- mən bu yazını niyə yazdığımı bilmirəm.
Qoy bu da mənim həyatımda bir vərdiş kimi olsun- hər doğum günündə bir esse qaralamaq.

Bu yazını özümə həsr edirəm. Bir bakal pivəmə, bir qab noxuda, dörd- beş dəyərli dosta. Sevdiyim hər şey və hamı özümdür.

Mən özümü çox sevirəm.

Ad günüm mübarək...

Və sizin üçün Teomanla bir yerdə mahnı oxumaq istəyirəm...

Saatim yok, tam olarak bilemem
Bir az bira, bir az şarap önceydi
Nasıl oluyor vakit bir türlü geçmezken
Yıllar, hayatlar keçiyor

Kayıp bir bavul gibiyim hava alanında
Ya da boş bir yüzme havuzu son baharda
Çokmu ayıp hayla mutlukuk istemek
Neyse, zaten hiç halim yok...

Bu gün benim doğum günüm
Hem sarhoşum, hem yasdayım
Bir bar taburesi üstünde
Babamın öldüyü yaşdayım!

Bu gün benim doğum günüm
Kelimeler büyüyor ağzımda
Bildiyim tüm hayatlar-
Paramparça...Paramparça...

Takatim yok, yine de telefona sarıldım
Son bir özür için tüm sevdiyim kadınlardan
Aradım, mesajlar çıktı, kapattım
Telesekretere konuşamayanlardanım...

*

Nostalj...

Bu linkden kohne sheirlerimi oxuya bilersiniz.

http://ilk.bizimki.org/?p=121#more-121

“Atam ve oğlum”

Dostum Baba üçün

Baba, məncə biz atalarımızı öldürüb
sonra onların məzarları üstündə
oturub, hönkür-hönkür
ağlamalıyıq günlərlə!
lap arvad kimi
yağış yağanacan ağlamalıyıq
yağış yağanacan
göylər də bizə qoşulanacan...
sonra qalxıb üst başımızın
toz-torpağını, palçığını silib
cibimizdəki ucuz siqaretdən
birini də yandırıb evə
oğlumuzun yanına dönməliyik...

arada bir eynəyini çıxarıb
gözlərinin yaşını sil
qarşındakı pivəni də tez bitir
yenisin gətirsinlər
siqaretimdən də birini yandır
mənə qulaq as:
oğlumuzu böyütməklə davam etməliyik həyata
inan mənə
mən həmişə düz deyirəm, Baba
atalarımızın heç vaxt etmədiyini etməliyik oğlumuz üçün
hər gecə o yatanda öpüb onu,
“gecən xeyrə, oğlum!” deməliyik
aradabir gecə oyanıb üstünü örtməliyik
istədiyi oyuncağı almalıyıq
onu mümkün qədər azad buraxmalıyıq
sevdiyi qıza bayramlarda
hədiyyələr alsın deyə
“oğlum, bu aralar lazım olar” deyə
ona pul verməliyik
hər ad günündə
onu bahalı bir restorana götürməliyik, yekə bir tort kəsməliyik
onu kişi kimi böyütməliyik
hətta 18 yaşında fahişə yanına belə aparmalıyıq onu

amma evimizdə atamızın yekə bir şəklini asmadan
o şəklin
yas plov siqaret simovar iyli enerjisini
evə doldurmadan etməliyik bunu
ölən adamların divardan asılmış şəkillərindən
həmişə bu qoxular gəlir

Baba, kədərlənmə, hamımızın atası öləcək...
və hamımızın oğlu olacaq
hamımız oğul böyüdəciyik atamızın acığına

Baba, kədərlənmə, biz daha yaxşı ata olacıyıq.

Milena üçün növbəti şeir

qadin ev heyvanidir
kishi onu tebietden tutub ehlilesdirib
Aqsin





...bu gün biz öpüşmədik
bu gün qar yedik göydən
bu gün biz yox -
əlcəklərimiz tutmuşdu əl-ələ...
bu günün- bilirdim-
sonu ağlamaqla bitəcək
bilirdim
gecə saat ikinin yarısı aqşinin şeirini
elə onun öz dilindən dinləyib
ağlayacaqdım
durub çıxıb getmək istəyəcəkdim evdən
sonra düşünəcəkdim ki
onunla eyni şəhərdə yaşamaq olar hələ ki
bu gün şəhərə yağan qar əridi
yağmaq istədi yenə, yağa bilmədi
milena!...
qardan zəhləsi gedən adam
şeir yazmaq istədi
amma yaza bilmədi...
şeir yaza bilmədi və ağladı...
ağladı ağlamağı sevən adam...
bu gün biz öpüşdük amma öpüş olmadı
qarın əriməyi oldu bu
qarın yağa bilməməyi oldu bu
mənim şeir yaza bilməməyim oldu bu!...
milena!
ölümü arzulamaq onu yaşamaqdan daha asandır
milena!...
sevgini arzulamaq sevməkdən daha yaxşıdır!
milena!
öpüşən adamları seyr etmək öpüşməkdən daha gözəldir!
milena!
bu şeirin arxasındakı adamın hisslərini duymaq üçün-
sən çox istedadlı olmalısan
milena!...
bu gün qar yağa bilmədi
biz yox əlcəklərimiz tutdu əl-ələ
biz yox dodaqlarımız öpüşdü...
milena
bu gün biz yox idik
iki nəfər başqası idi bizim əvəzimizə...
iki nəfər başqası
şəhərədə avarlanırdı

Yeni şeirlər

Günellə kilsədə
1-ci cəhd.

...
Xəyanət ritm axtarışıdır qadının
eləcə də kişinin.
Aqşin

Günel, sən məni
mənsə İsa Məsihi sevirəm
Günel, bizi də onun kimi
Xaça çəkəcəklər
Bizi də öldürəcəklər dostlarımız
Üstümüzə “xəyanətkarlar” yazacaqlar...
Xəyanət nədir bilirsən?

Xəyanət məsələn bizim kilsəyə gəlməyimizdir
Biz indi məsciddə olmalıydıq
Xəyanət yad olduğun yerdir
Soyuq divarlar
Soyuq xaç işarələridir xəyanət
Estetika axtarışıdır xəyanət
Xəyanət inamsızlıqdan yaranır

Nədirsə, doğma şeydir
insana məxsusdur xəyanət

Qorxursan, əllərin tir-tir əsir
Qorxma, bir yerdə öləciyik...
Heç kəs qəbrimiz üstündə şam yandırmayacaq
Heç kəsə bizə şam yandırmayacaq...
Yaxşı ki bizim başımız üstündə molla oxumayacaq
Yaxşı ki, yasımızdan plov yeməyəcəklər
Yaxşı ki, məsciddə yumayacaqlar bizi

Xaça çəkilmək necə də gözəldir

Alınmır...alınmır bu şeir..
Gəl yenidən gedək ora...


----


Günellə kilsədə
2-ci cəhd

Allaha sığınan bu qocalar daha çox yaddır bizə
Bir islam müqəddəsindən
daha səmimidir İsa`nın heykəli
Görəsən qocalanda
Tanrı sənə yaxınlaşır yoxsa sən Tanrıya
Niyə bütün qocalar Tanrıya inanır?

Qocalıq həyatın insana qalib gəlməsdir!
Qocalıq insanin həyata qalib gəlməyidir!
İkiniz də məğlubsunuz!
İkiniz də mənasız!

Günel, əllərin tir-tir əsir
Qorxma, Tanrı məni sevir
O`nun oğlu mənim dostumdur
Bilirsən, arzumdur-
xaça çəkilərək ölmək!
Günel, sən qayıt
Mən burda qalmaq və ölmək istəyirəm.

Sən qayıt evə
Dərslərini oxu
Bərk dayan, güclü ol!
Mən dua edəcəm hələ burda
O`nun oğlu mənim dostumdur...

Çölə çıxanda o dilənçilərə pul vermə
Pul vermə onlara Allah yolunda..
Allah yolunda pul vermə onlara
Allah yolunda...
Allah yolunda...

gülər üçün uğursuz şeir

(Gülər, bu uğursuz intihar- həyatı daha şirin, ölümü daha kədərli etməliydi, amma sən ölümü adiləşdirirsən, bu təhlükəlidir)













səsin yenə kədərlidir, gülər
yenə intihardan dönmüsən
yenə ölməmisən, sağsan
yanaqların qırmızı
saçların ölüm rəngində
əllərin bu şəhərlik deyil
dayanmadan siqaret yandırırsan qarşımda
amma məncə
barmaqlarına bu siqaret yaraşmır

həyatı adam kimi sevə bilmirsən
ölə də bilmirsən adam kimi
ölsəydin daha uğurlu alınardı bu şeir
sən özün cəhənnəm
hər şey mənə hesablanıb deyəsən
mən sənin ölümünə hazır deyildim axı

gəl bir şəkil çəkdirək
yoldan ötənlərə söz ataq
sən qızsan, siqaret çəkmə
mən də saçlarımı yana darıyım
saqqalımı qırxım
adi olaq gülər
çox adi
sıradan adamlardan olaq...

Milenaya məktublardan

sənə yazdığım şeir
niyə qafiyəyə meyillidir?
niyə qafiyələnməyə çalışır hər şey
niyə hər şey şərtlənməyə doğru addım atır

dünən sən gecikəndə
mən sənin şəkillərinə baxırdım
şəkillərin də özün qədər uzaqdır
oralar sənə yaddır
buralar mənə

burda məni
qara hicablı arvadlar
saqqallı qocalar qorxudur
qocalmış gənclik qorxdur
qaranlıq qorxudur burda məni
ehkamlarla kilidlənmiş beyinlər qorxudur
bu adamlar hər gün həyatıma girir
yuxuma girir, bezdirir burda hər şey məni

orda səni azad adamlar
orda səni şərqli olmağın qorxudur
orda səni mahiyyətin qorxudur
bir gün kökünə dönmək qorxusu var içində
qorx!

çünki
biz hələ də burda
seks sözündən utanırıq
biz hələ də mental qanunlarla yaşayırıq
qızlarımızı 14 yaşında ərə veririk
uşaqlarımızın oxumağa məktəbləri yoxdur hələ də
bizim hələ də işığımızı söndürürlər
qazımızı kəsirlər
biz hələ də möcüzə gözləyirik
seçki keçirdirik prezident seçirik
partiyalara üzv oluruq
mitinqlərdə döyülürük
biz hələ də rüşvət alırıq rüşvət veririk
qəzet oxumuruq
məğlub oluruq
bizim bir nömrəli problemimiz qarabağ
ikincisi bakirəlik məsələsidir
qarabağ dedim yadıma düşdü ki
minsk qrupunun həmsədrlərinə quzu ətindən kabab
tut arağı veririk hələ də

bizim aramızda bir günəş qədər fərq var, sevgilim
mənim günəşim batanda sənin günəşin doğulur
burda bizdə günəş heç vaxt doğulmur, həmişə batır...

Mədəni biabırçılıq

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir
H.Əliyev














Yuxarıda Heydər Əliyevdən gətirdiyim sitatın səhv olduğunu kim mənə sübut edə bilər? Əlbəttə ki, heç kim. Çünki adam dopdoğru demiş. Aşağıda haqqlarında danışacağım gənclər Azərbaycanımızın nəinki gələcəyi, hətta bu günüdür, buna şübhə etsəniz, şəkk gətirsəniz, hamınız kafir sayılmış olursunuz.

Bu gün Azərbaycanda 2500 gənc "İrəli" Ümumrespublika Gənclər Hərəkatının üzvüdür.

İlk baxışdan bu təşkilatın adı və ora üzv olanların sayı adamı həvəsləndirir. Fikirləşirsən ki, əgər 2500 nəfər igid, qəhrəman, qanacağı-qabiliyyəti öz yerində olan azəri gənci bu ölkəni irəli aparmaq üçün hansısa təşkilatda birləşibsə, ictimai fəaliyyətə atılıbsa, bu yaxşı göstəricidir. Hər şey əladır. Qarabağ problemini tezliklə həll etmək, Xəzərin statusunu müəyyənləşdirmək, Naxçıvanın bütün kəndlərinə qaz çəkmək mümkün olacaq. Amma nerdeeee? Apardığım xırda müşahidələrə əsasən, bu təşkilatda "birləşən" gəncləri məqsədlərinə görə təxminən belə qruplaşdırmaq olar:
1. Vaxt keçirmək, avaralanmaq üçün gələnlər;
2. Burada təşkil olunan pulsuz kurslara yazılmaq, treninqlərdə iştirak etmək, xarici ölkələrə getmək üçün gələnlər;
3. Təşkilatın nüfuzundan istifadə edib müxtəlif qrant layihələri həyata keçirmək üçün gələnlər. Çox istisna hallarda bu gənclərin arasında ciddidən-ciddiyə ideya, əqidə dalınca gələn, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq üçün bura üzv olanlara rast gəlirsən. Onların da ideyası təxminən bunun üzərində qurulub: "Zamanın tələbi, İlhamla İrəli".

"Alma"nın ötən saylarından birində Elnur Astanbəyli "İrəli" haqqında yazmışdı. Açığı yazıda razı olmadığım bir çox məqamlar vardı. Məsələn, Elnur yazmışdı ki, guya bu gənclər hamısı hakimiyyəti-zadı dəstəkləyirlər. Təki belə olaydı. Məsələn, biləydik ki, bu gəncin konkret ideologiyası var, yaxşı-pis nəyisə ciddi-ciddi dəstəkləyir, ideya uğrunda birləşiblər və s. Amma belə deyil axı. 2500 gənc arasında belələri 10-15 nəfər ola-olmaya.

Məncə, Azərbaycan gənci o zaman təşkilata üzv olmağa qərar verir ki, onun artıq avaralanmağa başqa yeri qalmır, məsələn, küçədə avaralanmaq, bütün günü qız dalınca düşmək daha onun üçün maraqsız olur. Onda başlayır hansısa bir təşkilata üzv olmağa və öz avaralıqlarını nəinki buralarda, hətta Azərbaycandan kənarda da davam etdirmək şansı qazanır. Bir neçə gün öncə bu tip gənclərdən bir neçəsi ilə oturub çay içirdik. Bunlar 10-15 gün əvvəl hansısa ölkədə keçirilən treyninqdən qayıtmışdılar. Orda 5-6 azərbaycanlı gənc (heç də hamısı irəliçi deyilmiş) bir otaqda qalıblar. Treninqdə iştirak etmək üçün ora gəlmiş bir polşalı gənci öz otaqlarına dəvət ediblər. "Bizimkilər" öz aləmlərində onunla məzələnmək istəyiblər. Başlayıblar polşalının anasını, bacısını söyməyə, o da azərbaycanca bilmədiyi üçün heç nə anlamayıb təbii ki. Və gülümsəyib. Axırda azərbaycanlılardan biri hətta öz cinsi orqanını açıb ona göstərib. Və bizim Koroğlu, Babək nəvəsi olan igid gənclər bütün bunları öz mobil telefonlarına çəkiblər ki, gətirib burda bizə öz qəhrəmanlıqlarını göstərsinlər. Bax belə. Artıq bu yerdə özünüz Şərq-Qərb dəyərləri, sivilizasiyaların toqquşması, İslam, Xristianlıq barədə fikirləşə bilərsiniz. Vaxtımız çoxdur.

İrəliçilər həmişə gənclərə ingilis dili, komputeri pulsuz öyrətdiklərini fəxrlə deyir, bunu bizim qabağımıza eşşək boyda bir arqument kimi qoyurlar. Bizim ucdantutma dindar olan qəhrəmanlarımızın ingilis dilini öyrənməyi bu cəmiyyətin hansı yarasına dərman olur ki? Onlar ən uzağı ingilis dilini ona görə öyrənirlər ki, gedib xarici ölkələrdə bizi daha mədəni şəkildə biabır etsinlər, avropalının anasını azərbaycanca yox, ingiliscə söysünlər.

Sözümüzü konkretləşdirək: 2500 gəncin bu hakimiyyəti dəstəklədiyi, onlara yaltaqlıq etdiyi barədə deyilənləri eşidib özünüzü təşvişə salmayın. Bu ağ yalandır. Bu yazını bir də oxuyun, bütün ali həqiqətlərdən agah olacaqsınız.

T.-nin hekayəsi













Mənim adım T.-dir. Mən bu oğlanın ilk hekayəsinin balaca bir qəhrəmanıyam. Bəlkə də mən bu oğlanın ilk qəhrəmanıyam, uydurmağa çalışdığı ilk qəhrəman. Mənə dediyinə görə, ümumiyyətlə, qəhrəman sözündən və qəhrəmanlıq anlayışından zəhləsi gedir. Səbəbini izah etmiyib. Açığı mənə elə gəlir ki, bu oğlan çox şeyin səbəbini bilmir. Nədən, niyə xoşu gəldiyini və niyə zindeyi-zəhləsi getdiyini bilmir. Həm də onu deyib ki, bu, çap üçün yazmağa hazırlaşdığı ilk hekayəsidir. Əvvəllər hekayə yazmağa cəhd edib, amma həmin hekayəni kiminsə oxuyacağını heç ağlına da gətirməyib. Bu hekayəsini isə dıqqılı bir oxucu dairəsi üçün hesablayıb. Amma dediyinə görə hekayənin bəyənilib-bəyənilməyəcəyi vecinə deyil. İndi də keçək onun mənim üçün uydurduğu hekayəyə.

Mən yuxarıda da müəllifin qeyd etdiyi kimi T.-yəm (əvvəlcə istəyirdi adımı Tarik qoysun, sonra fikirləşdi ki, bu çox mənasızdı, eləcə T. yazmaq daha gözəl və cəlbedicdir). Arıq, ortaboylu bir oğlanam.Dünən, dostumla kədərimizin üstünü düzəltmək üçün hərəmizə 2 dənə “Arizona” pivəsi aldıq, Karib dənizinin sahilində oturub pivələri içdik. Mən bədəncə zəif olduğumdan, spirtli içki çox az-az içdiyimdən bədənim içkiyə öyrəşməyib və tez kefli oluram. Dostumsa eşşək şeydi, nə qədər içir-içsin keflənmək bilmir, içən kimi də Çe Gevara haqqında danışmağa başlıyır, Meksika şairlərindən şeirlər deyir, Kuba folklorundan, Kanada aşıqlarından dəm vurur.Mənsə içən kimi depresiyaya düşürəm.


Dünənsə ümumiyyətlə, içib depresiyaya düşməmək qeyri-mümkün idi. Çünki, sevgilim olacaq birisi vardı ya, ona zəng etdim telefonu açmadı. Əsəbləşən kimi siqaret yandırıram. Əslində siqaretin heç bir fiziksəl təsiri yoxdur əsəblərə, amma psixoloji kömək edir adama. Dünən o qədər siqaret çəkmişdim ki, bu gün tezdən bütün bədənim tütün iyi verirdi.Dünən axşam bir təhər evə qayıtdıqdan sonra tez keçdim kompüterimin qabağına. MSN-də başımı qatmaq fikrim var idi, bir az stress atmaq, depresiyanı dağıtmaq üçün. Amma ağlıma yeni ideyalar gəldi: intihar. Yox, heç də özümü öldürmək fikrim yox idi. Mən ölüm barədə düşünəndə belə, təşvişə düşürəm, həyacanlanıram, tez su içmək, hardasa uzanmaq istəyirəm. Ona görə də ağlıma “intihar” deyə bir ideya gəldiyində düşünməyin ki, özümü öldürməyi fikirləşmişdim. Sadəcə dostlarla və sevgilim olacaq o mənasız afro-amerikanla bir az məzələnmək istəyirdim. MSN-ə daxil olan kimi başladım bütün dostlarıma ismarıc göndərməyə ki, bəs özümü öldürürəm, gəlmişəm sizinlə sağollaşmağa. Başladılar təşvişə düşməyə. Dedilər ki, a kişi etmə, eləmə, cavansan özünə qıyma. Hələ nə yaşın var ki? Nə görmüsən ki? Mən dedim ki, yox, bunu mütləq etməliyəm. Başqa çarəm yoxdur. O qədər ciddi danışırdım ki, artıq özümü də inandırmışdım buna və özüm də qorxuya düşmüşdüm bir az. Bunları yazıb internetdən çıxdım. Telefonuma 50-60 zəng, bir o qədər də SMS gəldi. Heç birinə cavab vermədim. Kubada səfərdə olan anama zəng ediblər ki, bəs oğlun özünü öldürür, xəbərin var? Gördüm anam da zəng edir. Yenə telefona cavab vermədim ki, qoy bir az daha ciddiləşsin məsələ. Artıq onların və özümün xəyallarında kəndiri boğazıma keçirmiş olmalıydım. Bircə qalırdı ki, ayağımın altındakı oturacağı kimsə itələsin. Yox! Bunu mən özüm edə bilməzdim. (Bu yerdə müəllifin özünü də gülmək tutur, yanındakı üzümdən bir gilə atır ağzına və mahnını dəyişir, daha sərt bir şeylər qoyur ki, yazdığı hekayə maraqlı alınsın. Amma mən bu gici başa sala bilmirəm ki, üzüm yeyə-yeyə yazılan hekayə heç bir zaman maraqlı ola bilməz. Üzüm yeyə-yeyə ciddi sənət əsəri yaratmaq mümkün deyil).


Sonra o afro-amerikana bir SMS yazdım: “Mən ölməmişdən qabaq son dəfə sənin səsini eşitmək, danışmaq istəyirəm səninlə, zəng edirəm, lütfən telefonu aç”.Cavabında mənə nə yazdığını bilmək istəyirsinizsə hekayəmizi sona qədər oxuyun. Çünki onun cavabı bu hekayənin sonluğudur. Həm də bu hekayə elə o cavab üzərində qurulub.Məndən cəmi bir neçə yaş böyük, 3 kq ağır, 4 sm hündür olan bu hekayənin müəllifi elə yazı prosesində yeni bir şey kəşf edir. Kəşfini mənə də dedi. Mənimsə insanlardan gizlin heç nəyim olmadığına görə onu sizinlə bölüşürəm. Müəlifimin dediyinə görə Tanrıya inanmayan insanları 2 yerə bölmək olar. Birincilərin Tanrıya inanmamalarının kökündə mənfi faktorlar dayanır. Yəni onlar axirətin, cənnət-cəhhənnəmin olmadığını dərk edirlər və etdikləri pisliklərə görə cəza almayacaqlarını bilirlər. Yəni onlarda insan sevgisi yoxdur. Əslində onların Tanrını insandan üstün tutan dindarlardan mahiyyətcə heç bir fərqi yoxdur. İkincilərsə, birincilərin tam əksinə olaraq insanı, insan faktorunu önə çəkirlər, onlar üçün öncə insandır, onlar Tanrıya yox, insana inanırlar, onların ateist olmalarının səbəbi humanist olmalarıdır.


Ayyy… Bilirəm, mənim kimi sizin də başınız ağrıdı. İndi keçək afro-amerikanın yazdığı cavaba. Təsəvvür edin, özünüzü öldürürsünüz, həyatda son bir arzunuz var ki, sevdiyiniz qadınla telefonda danışasınız, amma onun sizə verdiyi cavab bu olur: “Qardaşım evdədir, T., danışa bilmərəm”.

ən axmaq şeir

indi gecənin bu vaxtı
mən hansı şeirimi yazım ki
allahın da göydə əhvalı pozulsun
mənə yazığı gəlsin
göydən yerə daş göndərsin yağış göndərsin
özü düşsün gəlsin
mən oralarda istehsal olunmuş pivə
və iki parç gətirsin
siqaretimi yandırsın
gözümdəki yaşı silsin
ağlamağa qoymasın məni

indi gecənin ən axmaq vaxtı
mən hansı şeirimi yazım ki?
bir sevgilim yox
bir tanrım olsun
hər zaman yanımda otursun
yanımda gəzsin
mənimlə yeyib içsin mənimlə yatıb dursun
şeirlərin kimlərə yazıldığını sormasın...
mən ağlamaq istəyəndə mütləq məni qucaqlasın
cibindən dəsmal çıxarıb
mənimlə birgə ağlasın
məndə özünə inam yaratsın...

Emin üçün


Bu səhər oyananda
qarşıma ilk olaraq bilirsən kim çıxdı?
Günəş çıxdı, Emin
özü də bu səhər günəş nə yox
kim sualına cavab verirdi
həm də vermirdi
bu səhər günəş nə qədər gözəl susurdusa
mən bir o qədər balaca olduğumu
yanıldığımı hiss etdim…

mən uydurduğum sevgili xəyallarıyla
hər gün səni bezdirirəm
“Emin, səncə o məni sevir?...” deyə
amma unutma, sən bu xalqın adından mənə bir pivə borclusan
onu nə vaxt alacaqsan?

Emin, sən heç vaxt sevmə
yoxsa siqaretə öyrəşəcəksən
bədənini zəhərləyəcəksən
mən də sənin qədər əminəm
bu ölkədə bizim sevgimizə layiq qadın yoxdu

Emin. gözəl dost,
mənim qara siyahımda sənin adın yoxdu
hətta mənim qara siyahım da yoxdu…
anla artıq
biz əbəs yerə
yaxşı adamlarıq

Simona üçün


həç nəyin bitmədiyi
və heç nəyin başlamadığı yerdə
sən vardın
-bax, daha bir şeir səndən xilas ola bilmədi
sən yenə yaxaladın
divara sıxıb
yazılmağa məcbur etdin onu...
oysa mən bütün şeirlərə
söz vermişdim
onları səndən xilas edəcəm deyə

...hər şeyin bitmədiyi
və heç nəyin başlamadığı yerdə
sən vardın
tanrılar dəfn olunmuşdu orda
adamlar ac və susuz
heç kəsin baxmadığı
biletlərin satılmadığı
daha bir film başladı

əllərindən yapışıb
atmaq istədim səni bu şeirdən
atdım da
amma yenidən peyda oldun otağın bir küncündə
getmək istəmədin
eləcə...ancaq şeirdə yaşamağa qərar verdin

məndən uzaqda
Şəms EL`ə təşəkkürlərlə

Milena üçün

Yoxsa sevməyəmi başladım,
aradakı 5 yaş fərqinə rəğmən?
hmmm…bilirəm
dünyada fərqi olan o qədər şey var ki…
yaş nədir ki onların yanında?
Mən insanları ona görə sevmirəm ki, mən də insanam, onlardan biriyəm…
mən insanları ona görə sevirəm ki,
onlar mahnı oxumağı bacarırlar,
gitarada ifa edə, adamı sevindirə bilirlər
onlar baqlıqqulağından insan rəsmi çəkə
onlar pivə üçün noxud bişirə bilirər
dadlı çaxır istehsal edirlər
amma mənə pivədən çox insan lazımdır
çünki mən tək qala bilmirəm…
Başa düşürsən, Milena?...
təklik məni acından öldürər
havasız qoyar,
əlləri ilə boğar məni gecə yarısı
Milena…gör bu şeirdə nə qədər “mən” var…
nə qədər sən…nə qədər insan…
ətrafımdakı insanlar it sürüsü kimi çox olsa da
mən darıxıram
onların sevgisi, sevgililəri darıxdırır məni
Milena…
Bilirəm, mən yaxşı oğlanam
yaxşı olmağın çətinliklərini çəkirəm,
dostlara pivə alıram mənimlə içsinlər deyə
dost olsunlar deyə
isanlara gülümsəyirəm
sevinsinlər deyə
yaxşı oğlan olmasam da, elə görsənməyə çalışıram
tək olsam da elə görsənməməyə çalışıram
Mən tənhayam, Milena
tənhalıq xoşbəxtlik deyil,
Aqşin yalan danışmışdı…
hər gecə sevgilisini aldatdığı kimi
şeirlərin birində də bizi aldatmışdı
mən Kafkaya da inanmıram, Milena
heç kim tənhalıqdan həzz ala bilməz,
…Bilirəm, mən əslində “yaxşı oğlanam”,
yaxşı olmağın çətinliklərin çəkirəm.
Səni sevirəm…

bu gün darıxdım bir az

bu gün darıxdım bir az
darıxmaq istədiyim üçün darıxdım
durub bir siqaret yandırdım
bir az dahiyanə görsənmək üçün...
insanların qocalığı və doğulmağı
əzablı mənzərədir
insanın dərk etməsi əzablı mənzəridi
dərk etməməsi də...
mən azad insanam
azadlıq xoşbəxtlik deyil
xoşbəxtlik azadlıqdır

bu gün darıxdım bir az
durub bir siqaret yandırdım
ən mənasız şeirimi yazdım
ən mənasız qadınımı aradım
sms yazdım ən uzaq dostlara

bu gün darıxdım bir az
darıxmaq
özü də bilmədən
insanın tanrıya etirazıdır bəlkə də
insan bir az havadan bir az sudan bir az darıxmaqdan ibarətdir

darıxdım bir az bu gün
yerlərini dəyişdirdim sözlərin
durub bir siqaret yandırdım
dahilik vaxtı deyil anladım
qəhrəmanlıq vaxtı deyil
sevgi vaxtı deyil

bu gün darıxdım bir az
durmadan bir siqaret yandırdım
yerimdəcə saydım
göydəki ulduzlar
ulduzlar




Həyat gözəldir


cibində bir metro jetonu qalıbsa belə
bütün dostlar cındır çıxıbsa belə

evdən qovsalar da səni
allaha inanmağa məcbur qalsan da

yağışlı palçıqlı bir gündə küçədə gecələməyə məcbur olsan belə
üst-başın itin günündə olsa belə

yavaş-yavaş qocaldığını hiss etsən də
ölümdən qorxmağa başlasan da

mobil telefonunda kontur bitsə də
sevgilin sənə göt çevirsə də
belə deyək ki
xəyanət etsə sənə ən yaxın dostunla

bir gün homo-seksualist olduğunu anlasan da
utandığından özünə deşik tapmasan da

dəxli yoxdur eee...
həyat gözəldir

dahilərdən kimsə

dahilərdən kimsə deyirdi ki
həyat silgi istifadə etmədən
rəsm çəkmək sənətidir

yox...dahilərlə razılaşmaq
həyatla barışmaq olardı
məncə biz heç kimlə razılaşmamalıyıq

razılaşmaq zəiflikdir hərdən
ancaq, şəxsən məndə razılaşmamaq xəstəlikdir
çox şey xəstəlikdir deyir boşboğaz bir dost(um)
bir az razıyam:
məsələn dostluq
dəyər
mentalitet
ümid
inam
arzu
hər cür zir-zibil

gəlin bir anlıq mənim dahiliyimlə razılaşın:
həyat-
sonsuz tərəfi olan bir şeydir
yəni sonsuz tərəflərdən baxmaq olar

mən durduğum tərəfdə təkəm


müqəddəslər

yandırdığımız bütün siqaretlərin tüstüsu
müqəddəsdir
sənin telefon nömrən yazılmış dəftər vərəqi kimi
bütün alışqanlar müqəddəsdir
siqareti yandırdığına görə
bütün tüstülər müqəddəsdir
bizi addım-addım tanrıya
yaxınlaşdırdığına görə

yandırlan siqaretlər...
müqəddəslər...
ölüm- dirim mübarizəsi-
həyatın
maraqsız həyatın
maraqlı oyunları

oyunları
ölümün rəngini tapsaq
bir az daha maraqsızlaşar həyat
və insanlar yüzüncü mərtəbələrdən
atılmaq üçün növbələrə dayanarlar
və insanlar yüzüncü mərtəbədən aşağı fırlanarkən
bir siqaret də yandırarlar
bu boşluğa sarı

sarı!
bəlkə ölümün rəngidir bu